
BAKI, 14 Fevral. TELEQRAF
Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat verir ki, Ağdam rayonunun əvvəllər işğal olunmamış Ayaq Qərvənd kəndi ərazisindən keçən Xaçın çayının hövzəsində 2025-ci il 14 fevral tarixində mina hadisəsi baş verib.
Bu barədə Teleqraf-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Ağdam rayonunun Quzanlı kənd sakini 1965-ci il təvəllüdlü Məmmədov Fayiq Ərşad oğlu idarə etdiyi "Howo" markalı yük avtomobili ilə hərəkətdə olarkən sel sularının gətirməsi ehtimal olunan piyada əleyhinə minaya düşmüş, partlayış zamanı həmin avtomobilin sol arxa çarx hissəsi zədələnmiş, hadisə nəticəsində xəsarət alan olmamışdır.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.