BAKI, 11 mart. TELEQRAF

Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şirvan şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "İsuzu" və “QAZ” markalı iki yük avtomobili toqquşub, 1 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.