BAKI, 7 noyabr. TELEQRAF

Azərbaycan millisinin və “Neftçi”nin kapitanı Emin Mahmudov Teleqraf-a müsahibə verib.

34 yaşlı yarımmüdafiəçi yığmadakı karyerasını başa vurmaq qərarı və bunun səbəblərindən danışıb.

Müsahibəni təqdim edirik.

– Lixtenşteyn və Andorra ilə qarşılaşmalardan sonra milli karyeranı başa vurmaq qərarına gəldiyinizi açıqlamısınız…

– Hər şey yazdığım kimidir. Millidə 65 oyun keçirmişəm, komandanın kapitanı olmağımla qürur duyuram. Yoluma davam etməli, çalışmalıyam ki, “Neftçi”yə daha çox diqqət ayırım. Ailəm də var, bəzən dincələ də bilmirəm, buna vaxtım olmur.

– Bəs necə oldu ki, milli karyeranı bitirmək qərarına gəldiniz?

– Sadəcə, ora-bura getməkdən bir az yoruldum. 2027-ci ilin aprelində 35 yaşım olacaq. Düşünürəm ki, millidən getməyin vaxtıdır. Ən yaxşısı, özüm bitirim, nəinki hər şeyin o vəziyyətə gəlməsini, özümün artıq milliyə çağırılmamağımı gözləyim.

– Kriştianu Ronaldu da, Lionel Messi də bu il karyerasını başa vurdu, siz də…

– Bəli, elə alındı (gülür - R.O.) Lionel Messi ilə də, Kriştianu Ronaldu ilə birlikdə bitirdim.

– Bu qərar üzərində nə vaxtdan bəri düşünürdünüz?

– Bəlkə də, üzərində bir aydan çoxdur düşünülmüş qərardır. Sadəcə, nə zaman açıqlayacağımı düşünürdüm. AFFA ilə danışdım, niyyətimi bildirdim. Belə qərara gəldik ki, qurtaraq.

– Millidəki son oyunlarınız Lixtenşteyn və Andorraya qarşı olacaq. Bu görüşlərlə bağlı gözləntiniz nədir?

– Son matçım Andorraya qarşı yoldaşlıq görüşünə təsadüf edəcək. Baxarıq, hələ necə olacağını və hansı oyunda meydana buraxılacağımı bilmirəm. İstənilən halda çalışacağam ki, komandaya kömək edim. Əsas məqsəd yenə qələbə qazanmaq olacaq.

– Millini bombardir kimi tərk edirsiniz. Bu, sizin üçün nə deməkdir?

– Çox şadam ki, beynəlxalq karyeramı belə nailiyyətlə başa vururam. Ümumiyyətlə, millidə oynamaq çox qürurverici idi. Böyük komandalara qarşı çıxış etməkdən sevinc hissi keçirirdim. Çox xoşbəxtəm ki, bu anları yaşadım.

– Milli karyeranızı bir sözlə ifadə etmək üçün hansı sözü seçərdiniz?

– Söz tapa bilmirəm. Yalnız qürurluyam.

– Azərbaycan millisində ən unudulmaz matçınız hansıdır?

– Məncə, bunu hamı bilir. 2024-cü il Bakıda İsveçə 3:0 hesabı ilə qalib gəldiyimiz oyun. Həm qələbə qazandıq, həm də mərkəzdən vurduğum o qol heç vaxt yadımdan çıxmaz.