BAKI, 5 avqust. TELEQRAF

İngiltərənin sabiq FIFA referisi Entoni Teylor hakimlik karyerasını başa vurduqdan sonra yeni vəzifəyə təyin olunub.

Teleqraf xəbər verir ki, bu barədə Daily Mail nəşri məlumat yayıb.

47 yaşlı mütəxəssis Türkiyə Futbol Federasiyasının (TFF) elit hakimlər korpusunun direktoru vəzifəsinə gətirilib. Teylor yeni postunda Türkiyə hakimlərinin strateji və texniki inkişafına rəhbərlik edəcək, həmçinin hakimlik sisteminin UEFA və FIFA standartlarına uyğun təkmilləşdirilməsinə cavabdeh olacaq.

Qeyd edək ki, Teylor iyul ayında 20 illik hakimlik karyerasını başa vurduğunu açıqlamışdı. O, 2010-cu ildən İngiltərə Premyer Liqasının oyunlarını idarə edib, AVRO-2020, AVRO-2024 və 2022-ci il dünya çempionatında hakim kimi fəaliyyət göstərib.

Bundan başqa, Teylor İngiltərədə keçirilən bütün kubok turnirlərinin finallarını idarə edib və 1901-ci ildən bəri karyerası ərzində iki dəfə İngiltərə Kubokunun finalına təyinat alan ilk hakim kimi tarixə düşüb.