BAKI, 4 avqust. TELEQRAF
Türkiyənin “Ərzurumspor” klubu “Qarabağ”ın bir neçə futbolçusunu transfer etmək istəyib.
Bu barədə Teleqraf-a Türkiyə təmsilçisinin idman direktoru Muzaffer Bilazer məlumat verib.
Klub rəsmisi bildirib ki, “Qarabağ”ı uzun illərdir yaxından izləyirlər və bir neçə futbolçusu müxtəlif vaxtlarda transfer gündəmlərində olub.
“Ötən mövsüm Elvin Cəfərquliyevin adı transfer siyahımızda vardı. Məlumatımız var ki, "Qarabağ" Cəfərquliyevi satışa çıxarıb. Hazırda isə onun transferi klubumuzun planlamasına və maliyyə hesablamalarına uyğun gəlmir.
Bəhlul Mustafazadə ilə yaxından maraqlanırdıq. Həmçinin Marko Yankoviç və Emmanuel Addaini yaxından izləyirdik.
Azərbaycan millisinin üzvü Mahir Emreli ilə danışıqlar aparmışdıq. Həmin vaxt o, Almaniyanın “Nürnberq” klubunda çıxış edirdi. Lakin biz Türkiyə I Liqasında mübarizə apardığımız üçün bu transfer baş tutmadı.
Artıq 4-5 ildir ki, “Qarabağ”ı yaxından izləyirik. Klubun qazandığı uğurlar, eləcə də transfer etdiyi futbolçuların sonradan Avropa bazarında dəyərinin artması diqqətimizi çəkir. Bu səbəbdən “Qarabağ”ın futbolçuları bizim üçün hər zaman maraqlı olub. Daha əvvəl də bu klubun keçmiş qapıçısı İbrahim Şehiçi transfer etmişdik”, - deyə Bilazer bildirib.
Qeyd edək ki, “Ərzurumspor” Nəriman Axundzadənin transferi ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb. Tərəflər arasında rəsmi müqavilə hələ imzalanmasa da, Azərbaycan millisinin üzvünün yaxın günlərdə tibbi müayinədən keçərək Türkiyə klubu ilə müqavilə bağlaması gözlənilir.