BAKI, 5 avqust. TELEQRAF

Yəmənin “Ənsarallah” Hərəkatı (husilər) Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus “Wafa” neft tankerini ballistik raketlərlə vurduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Səriya məlumat verib.

Onun sözlərinə görə, husilər Yanbu limanı yaxınlığında yerləşən “Wafa” tankerinə bir neçə ballistik raketlə dəqiq zərbə endiriblər.

Yəhya Səriya bildirib ki, husilərin iyulun 22-də dənizdə blokada elan etməsindən bəri ümumilikdə 8 Səudiyyə tankerinə hücum edilib. Onun iddiasına görə, daha 29 tanker isə Qırmızı dəniz və Ərəbistan dənizi akvatoriyalarında marşrutunu dəyişmək məcburiyyətində qalıb.

Hərəkat nümayəndəsi həmçinin qeyd edib ki, Səudiyyə Ərəbistanı gəmilərini husilərin Bab əl-Məndəb boğazında tətbiq etdiyi blokadadan yan keçmək məqsədilə Qırmızı dənizin şimal hissəsinə yönəldir.

Husilər “blokadaya qarşı blokada” strategiyası çərçivəsində Səudiyyə Ərəbistanına məxsus gəmilər üçün bütün marşrutları bağlamaq məqsədilə əməliyyatlarını Qırmızı dənizin şimal hissəsində də genişləndirəcəkləri ilə hədələyiblər.

Mediada isə Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin husilərə qarşı genişmiqyaslı quru əməliyyatına hazırlaşdığı barədə məlumat yayılıb.