BAKI, 5 avqust. TELEQRAF
Pakistanın Azərbaycandakı səfirliyində Cammu və Kəşmirin xüsusi statusunun ləğvinin ildönümü ilə əlaqədar "İstismar Günü"nə həsr olunmuş tədbir keçirilib.
Teleqraf xəbər verir ki, tədbir Qurani-Kərim oxunması ilə başlayıb.
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin çıxışında Hindistanın Cammu və Kəşmiri qanunsuz işğal etdiyini bildirərək, 5 avqust 2019-cu ildə bölgənin statusunun ləğv edilməsini xatırladıb.
"5 avqust 2019-cu ildə Hindistan öz Konstitusiyasının 370 və 35A maddələrini ləğv edərək Cammu və Kəşmirin xüsusi statusunu aradan qaldırmış və ərazini birbaşa mərkəzi hökumətin nəzarətində olan iki ittifaq ərazisinə bölünüb.
Bu birtərəfli konstitusiya tərkibli və inzibati tədbirlər mübahisəli ərazinin demoqrafik tərkibini və siyasi kimliyini dəyişdirməyə yönəlmiş, bununla da onun beynəlxalq səviyyədə tanınmış mübahisəli statusunu zəiflətmək və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində nəzərdə tutulmuş Kəşmir xalqının öz müqəddəratını təyinetmə hüququna xələl gətirmək məqsədi daşıyıb. 5 avqust 2019-cu il tarixli birtərəfli tədbirlər Cammu və Kəşmirin beynəlxalq səviyyədə tanınmış mübahisəli statusunu dəyişdirməmiş və Kəşmir xalqının qətiyyətini zəiflətməyib. Hindistan tərəfindən qanunsuz şəkildə işğal olunmuş Cammu və Kəşmir xalqının göstərdiyi cəsarət, dözümlülük və mətinlik yüksək qiymətləndirilmiş, onlar uzunmüddətli məhdudiyyətlərə və çətinliklərə baxmayaraq qanuni hüquqları uğrunda mübarizəni davam etdirir. Pakistan bir daha bəyan edib ki, Cənubi Asiyada ədalətli və davamlı sülhün təmin olunması Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və Kəşmir xalqının iradəsinə uyğun şəkildə sülh yolu ilə həllindən birbaşa asılıdır.
Beynəlxalq ictimaiyyət, xüsusilə Birləşmiş Millətlər Təşkilatı Hindistan tərəfindən qanunsuz şəkildə işğal olunmuş Cammu və Kəşmirdə insan hüquqları vəziyyətinin həlli və münaqişənin ədalətli və sülh yolu ilə nizama salınması istiqamətində daha fəal rol oynamağa çağırılıb",-deyə səfir əlavə edib.
Səfir Cammu və Kəşmir məsələsində göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə və xalqına təşəkkürünü ifadə edib: "Qardaş Azərbaycanın Cammu və Kəşmirin Hindistan tərəfindən işğalına qarşı nümayiş etdirdiyi ardıcıl və prinsipial dəstəyini yüksək qiymətləndiririk".