BAKI, 4 avqust. TELEQRAF

Türkiyə Super Liqası təmsilçisi “Ərzurumspor” Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadəni gələcəkdə birdəfəlik transfer edə bilər.

Bu barədə Teleqraf-a klubun idman direktoru Muzaffer Bilazer məlumat verib.

Onun sözlərinə görə, 21 yaşlı futbolçu ilə 1 illik icarə müqaviləsi bağlanması nəzərdə tutulsa da, tərəflər arasında satınalma bəndi də yer alıb.

Belə ki, Nəriman Axundzadə “Ərzurumspor”da uğurlu çıxışı ilə seçilərsə, Türkiyə klubu onun transfer hüquqlarını ABŞ-nin “Kolambus Kryu” klubundan 1,5 milyon avroya əldə edə biləcək.

Bilazer bildirib ki, bu qərar futbolçunun mövsüm ərzində göstərəcəyi performansdan asılı olacaq. Klub rəsmisi əlavə edib ki, yaşı gənc olduğu üçün “Ərzurumspor” Nəriman Axundzadənin gələcəkdə birdəfəlik transferində maraqlıdır.

Qeyd edək ki, Nəriman Axundzadənin “Kolambus Kryu” ilə müqaviləsində “Qarabağ”ın futbolçunun növbəti satışından da müəyyən faiz əldə etməsini nəzərdə tutan maddə yer alıb.