BAKI, 5 avqust. TELEQRAF

Özəl məktəbəqədər təhsil müəssisələri üçün keçiriləcək yeni maliyyələşmə müsabiqəsində təhsil haqqı yüksək olan bağçaların qalib olmaq şansı daha az olacaq.

Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müəssisənin müəyyən etdiyi təhsil haqqı qiymətləndirmə meyarlarından biri olacaq.

“100 bal üzərindən 50 balla qiymətləndirilən əsas meyarlardan biri müəssisənin maliyyə səmərəliliyidir. Qiymətləndirmə zamanı təhsil haqqının hansı əsaslarla formalaşdırıldığı araşdırılacaq. Təhsil haqqı yüksək olan bağçaların müsabiqədə qalib gəlmək şansı daha az olacaq”.

Vəfa Yaqublu qeyd edib ki, ötən il layihə qrant formatında həyata keçirilib və 4 min uşağı əhatə edib. Bu il isə proqram çərçivəsində 8 min uşağın maliyyələşdirilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, maliyyə vəsaiti əvvəlcədən tam şəkildə ayrılmayacaq, ödənişlər aylıq hesablanacaq. Uşaqların davamiyyəti mütəmadi izləniləcək. Müqavilələr 10 aylıq bağlanacaq, yay aylarında isə məzuniyyət və mövsümi amillər nəzərə alınaraq bağçalara maliyyə ayrılmayacaq.

Direktor müavini əlavə edib ki, uşaq başqa bağçaya keçərsə, yeni namizəd kimi qiymətləndiriləcək və boş qalan yerlər yenidən müsabiqəyə çıxarılacaq.

V.Yaqublunun sözlərinə görə, hazırda ölkədə 170-dən çox özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 2026-cı ildə isə daha 10 yeni müəssisə qeydiyyatdan keçib.