BAKI, 5 avqust. TELEQRAF
“Belə komandalara qarşı oynamaqdan heç vaxt çəkinməmişəm. Əksinə, həmişə demişəm ki, böyümək və daha irəli getmək üçün bu cür rəqiblərlə qarşılaşmalı, onlara qalib gəlməlisən. Yalnız bundan sonra özünəinamın daha da arta bilər”.
Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Kiyev “Dinamo”su ilə səfərdə keçiriləcək qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis vacib səfərə çıxdıqlarını və rəqibin Azərbaycanda yaxşı tanındığını bildirib:
“Çoxsaylı azarkeşləri olan yaxşı komandaya qarşı oynayacağıq. Düşünürəm ki, maraqlı qarşılaşma alınacaq. Matça demək olar, istədiyimiz kimi hazırlaşmışıq və yaxşı nəticə əldə etmək üçün səfərə yollanırıq. Rəqibin də oyuna ciddi hazırlaşdığını bilirik. Hətta çempionat matçlarını təxirə salaraq bütün diqqətlərini bizimlə görüşə yönəldiblər”.
Qurbanov bəzi futbolçuların fiziki durumunun onu narahat etdiyini söyləyib. O, Sofiyada keçirilən və 120 dəqiqə davam edən görüşdən sonra oyunçularda mikrozədələrin yarandığını vurğulayıb:
“Məni rəqibdən daha çox öz komandamızın vəziyyəti narahat edir. Bəzi futbolçular məşqlərdə tam proqram üzrə iştirak edə bilməyiblər. Mövsümün bu mərhələsində, xüsusilə yeni formalaşan komanda üçün 120 dəqiqə oynamaq böyük yükdür. Futbolçuların bərpası gözlədiyimizdən uzun çəkdi. Savonun yoxluğu da bizim üçün gözlənilməz oldu”.
Baş məşqçi hücum xəttində dəyişikliklərin mümkünlüyünü də istisna etməyib. O, Sefasın mərkəz hücumçusu mövqeyində çıxış edə biləcəyini, lakin bununla bağlı yekun qərarın verilmədiyini açıqlayıb.
Qurbanov uşaqlıq illərində Kiyev “Dinamo”suna azarkeşlik etdiyini də bildirib:
“Bu, Lobanovskinin komandasıdır. Kiyevdə, onların böyük stadionunda oynamaq bizim üçün də xoş olardı. Orada çoxlu azərbaycanlı azarkeşimiz də ola bilərdi. Kiyev “Dinamo”sunu hamı, xüsusilə yaşlı nəsil yaxşı tanıyır. Rəqib başqa komanda olsaydı, bəlkə də Azərbaycanda bu qarşılaşmaya maraq daha az olardı”.
Mütəxəssis Ukrayna təmsilçisinin uzun müddətdir ev oyunlarını doğma meydanından kənarda keçirməsinə də toxunub:
“Əlbəttə, bunun müəyyən təsiri var. Ancaq onlar artıq neçə ildir ki, bu şəraitdə oynayırlar. Düşünmürəm ki, bu amil onlara ciddi təsir göstərsin. Bununla belə, 40-50 min azarkeşin qarşısında çıxış etmək əlavə stimul olardı. İnşallah, müharibə tezliklə başa çatar, insanlar öz evlərinə qayıdar və komandalar doğma azarkeşlərini sevindirərlər”.
Qurbanov Kiyev “Dinamo”sunun son oyunlardakı uğursuz nəticələrinin onları arxayınlaşdırmamalı olduğunu qeyd edib:
“Onların son iki oyununa baxmışam. Hesablar göstərilən oyunu tam əks etdirmir. Müdafiə xəttinə yeni və təcrübəli futbolçular cəlb ediblər. Arxa xətdə ciddi problemlərinin olduğunu deməzdim. Biz də son iki oyunda qol vurmamışıq. Mətbuatda yazılanlar bizə təsir etməməlidir. Təcrübəli və gənc futbolçulardan qurulmuş, fiziki cəhətdən güclü və dinamik komandaya qarşı oynayacağıq”.
Baş məşqçi transfer çalışmalarının davam etdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, “Qarabağ” orta xətt də daxil olmaqla, bütün mövqelərə yeni futbolçu axtarır.
Qurbanov son oyundan sonra tənqid edilən qapıçı Mateuş Koxalskinin vəziyyətinin normal olduğunu bildirib:
“Koxalski tədricən komandaya uyğunlaşır və təcrübəsi artır. Penaltilər seriyasında bizə kömək edə bilmədi, amma rəqib futbolçuların ustalığını da nəzərə almaq lazımdır. Böyümək və inkişaf etmək üçün tənqidi qəbul etməyi bacarmalıyıq”.
Qeyd edək ki, Polşada keçiriləcək qarşılaşma sabah saat 21:00-da start götürəcək.