BAKI, 4 avqust. TELEQRAF
2030-cu il dünya çempionatına ev sahibliyi edəcək İspaniya, Mərakeş və Portuqaliya FIFA-nın maliyyə və təşkilati tələbləri səbəbindən çətinliklərlə üzləşib.
Teleqraf xəbər verir ki, ev sahibi şəhərlərdən milyonlarla avroluq xərclər, vergi güzəştləri, stadionların yenilənməsi, nəqliyyat, hotellər və təhlükəsizlik infrastrukturu ilə bağlı ciddi öhdəliklər tələb olunur.
İspaniya ilkin olaraq 11 stadion təqdim etsə də, La Korunya və Malaqa artıq namizədlikdən imtina edib. İspaniya Futbol Federasiyası FIFA-nın ölkədəki stadionların sayını daha da azaldacağını gözləyir. Eyni vəziyyət Mərakeşdə də yarana bilər. FIFA-nın meyarlarına cavab verməyən stadionların siyahıdan çıxarılması istisna edilmir.
İspaniyanın Xixon şəhəri layihədən geri çəkilən ilk şəhər olub. Şəhərin meri Karmen Moriyon bildirib ki, FIFA-nın bütün tələblərini yerinə yetirmək mümkün deyil və bu öhdəliklər şəhəri uzunmüddətli maliyyə yükü altında qoya bilər.
Qeyd edək ki, 2030-cu il dünya çempionatı İspaniya, Mərakeş və Portuqaliyanın birgə ev sahibliyi ilə keçiriləcək. Turnirin açılışının 100 illiyi münasibətilə Uruqvay, Argentina və Paraqvayda da hərəyə bir oyun təşkil olunacaq.