BAKI, 5 avqust. TELEQRAF
Ukrayna ordusunun Rusiyanın Aleksin şəhərinə dron hücumu nəticəsində “Wildberries” şirkətinin logistika mərkəzində genişmiqyaslı yanğın baş verib.
Teleqraf xəbər verir ki, bu barədə ASTRA məlumat yayıb.
Tula vilayətinin qubernatoru Dmitri Milyayev bildirib ki, PUA-nın “Wildberries”in çeşidləmə mərkəzinin ərazisinə düşməsi nəticəsində yanğın baş verib. Hücum nəticəsində bir nəfər yaralanıb, ölən olmayıb.
Məlumat şirkətin mətbuat xidməti tərəfindən də təsdiqlənib. Bildirilib ki, obyekt əvvəlcədən təxliyə olunub, cari yüklərin qəbulu isə müvəqqəti dayandırılaraq digər obyektlərə yönləndirilib.
Tula vilayətinin Venyov şəhərində isə yaşayış binasının yaxınlığındakı yolun hərəkətli hissəsinə raket qalıqları düşüb.