BAKI, 5 avqust. TELEQRAF
Rəqəmsallaşma artıq QHT-lər üçün seçim deyil, institusional inkişafın əvəzolunmaz tərkib hissəsinə çevrilib.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli deyib.
“Rəqəmsallaşma təkcə texnologiyanın tətbiqi yox, həm də düşüncənin inkişafı deməkdir. Biz intellektual vətəndaş cəmiyyəti qurmaq istəyiriksə, rəqəmsal transformasiyaya diqqət ayırmalıyıq. Rəqəmsal kommunikasiya hər bir sahədə inkişafa təkan verir”, - o vurğulayıb.
Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Allahverənov qeyd edib ki, rəqəmsal texnologiyalardan və süni intellektin imkanlarından səmərəli istifadə edən QHT-lər daha çevik idarəetmə modelinə malik olur.
O bildirib ki, bu, cəmiyyətlə daha effektiv kommunikasiya qurur və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirilməsinə xidmət edir: “Layihəni tamamilə süni intellektin ixtiyarına vermək olmaz. Bu sektorda layihələrin hazırlanmasında da bəzi süni intellekt proqramlarından istifadə olunur. Amma burda önəmli məqam alətlərdən kömək məqsədi ilə yararlanmaqdır".