BAKI, 5 avqust. TELEQRAF

2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ildə Dövlət Neft Fondunun Asiya/Sakit okean regionu və Beynəlxalq maliyyə təşkilatlarındaki aktivləri azalıb.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələrinə dair hesabatında bildirilir.

Bildirilib ki, regional diversifikasiya çərçivəsində Asiya/Sakit okean regionuna yatırılmış vəsaitlərin həcmi məbləğ olaraq 1 milyard 833,32 milyon ABŞ dolları azalaraq xüsusi çəkidə 12,9%-dən 8%-ə (-4,9 faiz bəndi), Beynəlxalq maliyyə təşkilatlarında yerləşdirilmiş aktivlər isə 2 milyard 689,33 milyon ABŞ dolları azalaraq portfeldəki payı 6,4%-dən 1,6%-ə (-4,8 faiz bəndi) enib.

Həmçinin Avropa (30,7%-dən 25,9%-ə) və Şimali Amerika (28%-dən 23,9%-ə) regionlarının portfel üzrə nominal məbləğlərində (müvafiq olaraq 576,41 milyon ABŞ dolları və 843,26 milyon ABŞ dolları) artım qeydə alınsa da, ümumi portfelin genişlənməsi fonunda hər iki regionun xüsusi çəkisi nisbətən aşağı düşüb.