BAKI, 5 avqust. TELEQRAF
FIFA-nın sabiq prezidenti Yozef Blatter quruma gələcəkdə rəhbərlik edə biləcək namizədin adını açıqlayıb.
Teleqraf xəbər verir ki, isveçrəli funksioner bu posta Norveç Futbol Federasiyasının prezidenti Lise Klavenessi layiq görüb.
Blatter sosial şəbəkə hesabında paylaşımında Klavenessin prinsipial mövqeyi ilə seçildiyini bildirib:
“Lise Klaveness dərin hörmətə layiq insandır. O, hər zaman prinsipial mövqe sərgiləyib və heç vaxt axına qoşulmayıb. Artıq FIFA-ya qadının rəhbərlik etməsinin və təşkilata liderlik etməsinin vaxtıdır”.
Qeyd edək ki, 45 yaşlı Klaveness futbolçu karyerası ərzində 1997–2011-ci illərdə çıxış edib. O, Norveç milli komandasında 73 oyun keçirib.
Canni İnfantino 2016-cı ildən FIFA-nın prezidentidir.