BAKI, 5 avqust. TELEQRAF

İyunun 7-də Ermənistanda keçirilən parlament seçkiləri ərəfəsində başlanmış cinayət işlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 faiz artıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin 2026-cı ilin ilk yarısına dair statistik hesabatında bildirilib.

2026-cı ilin ilk altı ayında İstintaq Komitəsinin bölmələrinə 41 250 müraciət daxil olub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5 893 müraciət və ya 16,6 faiz çoxdur. Daxil olan müraciətlərdən 32 472-si üzrə cinayət işi başlanıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4 625 iş və ya 16,6 faiz artım deməkdir.

Hesabat dövründə məhkəmələrə 9 910 cinayət işi göndərilib. Bu göstərici ötən ilin ilk yarısı ilə müqayisədə 3 799 iş və ya 62,2 faiz çoxdur. Həmçinin 4 499 cinayət işi sonradan digər işlərlə birləşdirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 552 iş və ya 43,2 faiz artıqdır.

Hesabat dövründə bütün işlər üzrə ümumilikdə 295,9 milyon dram (təxminən 820 min dollar) dəyərində əmlaka həbs qoyulub. Dövlətə dəymiş zərərin 9,9 milyard dramı (təxminən 27,1 milyon dollar) isə ödənilib.

Xatırladaq ki, iyunun 7-də keçirilən parlament seçkilərində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,7 faizini, rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,2 faizini, sabiq prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 9,9 faizini qazanıb.