BAKI, 5 avqust. TELEQRAF

Rusiya Ermənistandan idxal olunan 70 mindən çox şüşə içməli su və qazlı içkinin satışını dayandırıb. Rəsmi izaha görə, istehsalçı bu məhsullara dair məcburi tələbləri pozublar. Buna görə də “Rusiya vətəndaşlarının həyat və sağlamlığına mümkün zərərin qarşısını almaq məqsədilə” məhsullar mağaza rəflərindən yığışdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Nəşrin yazdığına görə, Rusiyada Ermənistanın kənd təsərrüfatı və ərzaq məhsullarının əsas ixracının demək olar, hamısı qadağa altına düşüb:

“Səbəb isə, yuxarıda qeyd edildiyi kimi, “fitosanitar və digər oxşar normaların pozulması”dır. Maraqlıdır ki, cəmi bir neçə gün əvvəl - avqustun 2-də Prezident Vaaqn Xaçaturyan Nikol Paşinyanın yenidən baş nazir təyin edilməsi haqqında fərman imzalayıb. Nəşr qeyd edib ki, buna görə də baş verənləri müəyyən mənada bu əlamətdar tarixə “hədiyyə” hesab etmək olar.

Nikol Paşinyan bundan öncə Rusiyanın ultimatum xarakterli tələblərini yerinə yetirmək və Avropa İttifaqı (Aİ) ilə Avrasiya İqtisadi Birliyi (AİB) arasında seçim etmək niyyətində olmadığını açıq şəkildə bildirmişdi. Bundan başqa, köhnə-yeni baş nazir AİB-dən çıxmaqdan da imtina edərək, təşkilatın nizamnaməsinə istinad edib. Həmin sənədə əsasən, inteqrasiya birliyinin üzvü onun razılığı olmadan təşkilatdan çıxarıla bilməz. Üstəlik, Nikol Paşinyan Ermənistan dəmir yolunun icarəsinə görə Rusiyadan ildə 2 milyard dollar tələb edə biləcəyini bəyan edib ki, bu da “Rusiya Dəmir Yolları” şirkətində narazılıq doğurub.

Bundan sonra nə olacaq?

Görünən odur ki, münasibətlər ardıcıl şəkildə pisləşəcək. Hər şey tərəflərin Gümrüdə yerləşən Rusiya hərbi bazasının taleyi ilə bağlı qarşıdurmaya yaxınlaşdığını göstərir. Həmçinin yaxın gələcəkdə Rusiya vətəndaşlarının daxili pasportla Ermənistana daxil olması da mümkünsüz ola bilər. Əslində, məhz bu iki amil İrəvanın Aİ ilə Moskva arasında hansı seçimi etdiyini göstərəcək (üstəlik, heç bir referendum keçirilmədən).

Aİ qanunvericiliyi Şengen zonasına daxil olmayan ölkələrlə ümumi sərhəd nəzarətini (viza rejimini) də nəzərdə tutur. Üstəlik, Aİ-yə üzvlük üçün müraciət etmiş ölkənin ərazisində Avropa üçün əsas təhlükələrdən biri hesab edilən dövlətin (Rusiya) qoşunlarının yerləşməsi də uyğun sayılmır. Buna görə də bu qarşıdurma kifayət qədər uzağa gedə bilər”.

“Kommersant” Kremlin “əsas kozırlar”ından biri barədə də qeyd edib:

“İrəvan İranla “qaz müqabilində elektrik enerjisi” proqramını həyata keçirir, bu da keçmiş metropoliyadan (Rusiyadan) asılılığı azaltmağa imkan verir. Bununla belə, bu addımın yeni tərəfdaşları, məsələn, ABŞ Prezidenti Donald Trampı qəzəbləndirmək riski də var. Maraqlıdır, Tehran Rusiyanın strateji müttəfiqi olsa da, xüsusilə strateji obyektlərinə mümkün zərbələr fonunda elektrik enerjisinə ciddi ehtiyac duyur. Nəticədə kifayət qədər maraqlı mənzərə yaranır. Bəs Ermənistan suyunun bununla nə əlaqəsi var? Formal olaraq heç bir əlaqəsi olmasa da, məsələyə hansı prizmadan baxmağınızdan çox şey asılıdır”.