BAKI, 4 avqust. TELEQRAF

“Sabah yaxşı komandadır. Bizi çox çətin oyun gözləyir”.

Teleqraf xəbər verir ki, bu sözləri Danimarkanın "Orxus" klubunun baş məşqçisi Yakop Poulsen UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycanın "Sabah" komandasına qarşı keçiriləcək ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis Azərbaycan çempionunun gücünə bələd olduqlarını bildirib:

“Hazırlığımızı yaxşı keçirmişik və bizi nələrin gözlədiyini bilirik. "Sabah" yaxşı komandadır. Onlar yay fasiləsindən əvvəl çox uğurlu mövsüm keçirdilər. Rəqibimiz ölkə çempionluğunu adətən Azərbaycanın ən güclü komandası kimi tanınan və həmin mövsümdə Çempionlar Liqasında çıxış edən "Qarabağ"ı qabaqlayaraq qazandı. Buna görə də sabah güclü rəqiblə qarşılaşacağıq”.

Poulsen "Sabah"ın hücum xəttini xüsusi qeyd edib:

“Onların hücum xəttində sabit çıxış edən dörd futbolçu və hər fürsəti qola çevirən bir mərkəz hücumçusu var. Müdafiədə də çox sabit oynayırlar və rəqiblərə qol imkanları yaratmağa imkan vermirlər”.

Qeyd edək ki, "Orxus" - "Sabah" görüşü 5 avqust saat 20:30-da start götürəcək.