BAKI, 26 avqust. TELEQRAF
“Önəmli oyun olduğunu bilirik. Həddindən artıq soyuqqanlı olmalıyıq”.
Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Macarıstanın “Ferentsvaroş” klubu ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis çox yaxşı rəqibə qarşı oynayacaqlarını bildirib: “İlk oyunda qazanılan qələbə üstünlüyümüzü yaradır, amma bunu düşünməli deyilik. Rəqib çox təhlükəlidir, özlərinə xas oyun üslubları var. Üzərimizə gələcəklərini düşünürük. Çalışacağıq ki, qorxmayaq və sona qədər yaxşı nəticə üçün əlimizdən gələni edək”.
Baş məşqçi qazandıqları nəticələrin öz oyun üslublarının sayəsində əldə etdiklərini əlavə edib: “Bundan heç zaman əl çəkmək istəməmişik. Müdafiədə oynamaq kimi düşüncəmiz yoxdur. Sadəcə olaraq, bizə lazım olanı etməliyik. Öz meydanımızda daha yaxşı oynamalıyıq. Futbolçularımdan daimi tələbim qol vurmaqlarıdır. Bizi hər hansı problemin gözləyəcəyini deyə bilmərəm. Rəqibin hansısa sürpriz edə biləcəyini təxmin etmək çətindir”.
O, “Qarabağ” azarkeşlərinə təşəkkür edib: “Nə zaman komandanın yanında olmalı olduqlarını bilirlər. Futbolçu kimi də, baş məşqçi kimi də onlara hər zaman təşəkkür etmişəm”.
Qurbanov ilk oyunda zədələnən futbolçusu Nəriman Axundzadənin durumunun normallaşdığını vurğulayıb: “Deməzdim ki, tam yaxşıdır. Düşünürəm ki, sabah axşama kimi tam hazır olacaq”.
O, 2022-ci ildə də “Ferentsvaroş”la qarşılaşdıqlarını xatırladıb: “Müqayisə etsək, tam fərqli kollektivdir. Hərəsinin öz güclü tərəfi var. Həm Stanislav Çerçesov, həm də Robbi Kinlə yaxşı münasibətim var. Kin kimi tanınmış mütəxəssisin komandada olması futbolçular üçün əlavə motivasiya mənbəyidir. İndi daha çox hücum futbolu oynayırlar, Çerçesovun zamanında belə deyildi”.