BAKI, 24 aprel. TELEQRAF

ABŞ hərbçiləri Hörmüz boğazında İran obyektlərinə zərbələr endirilməsi ilə bağlı planlar üzərində işləyir.

Teleqraf xəbər verir ki, bu barədə CNN mənbələrə əsaslanaraq məlumat yayıb.

Məlumata görə, mümkün hücumların hədəfləri İranın mina yerləşdirən gəmiləri və sürətli zərbə katerləri ola bilər. ABŞ hərbçiləri həmçinin Hörmüz boğazı, Oman körfəzi və Fars körfəzinin cənub hissəsində yerləşən hədəflərə zərbə endirmək variantlarını nəzərdən keçirir.

CNN qeyd edir ki, münaqişənin ilk mərhələsində zərbələr əsasən boğazdan uzaq ərazilərə yönəldilsə də, yeni strategiya strateji əhəmiyyətli dəniz yollarına fokuslanmanı nəzərdə tutur.

Bundan əlavə, ABŞ-nin ikili təyinatlı obyektlərə və enerji infrastrukturuna da zərbələr endirə biləcəyi istisna edilmir. Mənbələrə görə, bu addımlar İranı danışıqlar masasına gətirmək məqsədi daşıya bilər.

Eyni zamanda, ABŞ-nin nöqtəvi zərbələrlə İranın hərbi rəhbərliyini və danışıqlara qarşı çıxan rəsmiləri hədəfə ala biləcəyi də ehtimallar sırasındadır. Potensial hədəflərdən biri kimi İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri, general-mayor Əhməd Vahidi göstərilir.