BAKI, 24 aprel. TELEQRAF
Böyük Britaniya La-Manş boğazı üzərindən qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə Fransaya 660 milyon funt sterlinq (təxminən 890 milyon dollar) ödəyəcək.
Teleqraf xəbər verir ki, müvafiq razılaşma Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud və Fransanın daxili təhlükəsizlik üzrə rəsmisi Loran Nunez tərəfindən imzalanıb.
Məlumata görə, vəsaitin 500 milyon funt sterlinqi Fransanın şimalında nəzarət sistemlərinin gücləndirilməsinə, əlavə 161 milyon funt sterlinqi isə qeyri-qanuni keçidlərin qarşısını almağa yönəlmiş yeni tədbirlərin maliyyələşdirilməsinə sərf olunacaq.
Qeyd olunur ki, əsas diqqət Fransanın şimal sahillərində patrul xidmətinin gücləndirilməsinə yönəldiləcək. Buradan miqrantlar şişmə qayıqlarla Böyük Britaniyaya keçməyə çalışırlar. Planlara əsasən, patrul xidmətində çalışan polis əməkdaşlarının sayı 2023–2026-cı illərdəki 907 nəfərdən 2026–2029-cu illərdə təxminən 1400 nəfərə çatdırılacaq.
Bildirilib ki, yeni razılaşma əvvəlki 478 milyon funt sterlinqlik müqaviləni əvəz edir. Həmin razılaşmanın müddəti martın 31-də başa çatsa da, qeyri-qanuni miqrant axını davam edib.
Statistikaya görə, 2025-ci ildə La-Manş üzərindən Böyük Britaniyaya qeyri-qanuni yollarla təxminən 41,5 min nəfər daxil olub. Bu göstərici 2022-ci ilin pik səviyyəsindən (46 min nəfər) aşağı olsa da, 2024 və 2023-cü illərlə müqayisədə daha yüksəkdir.
Rəsmi məlumatlara əsasən, 2024-cü ilin iyulunda hakimiyyətə gələn leyborist hökuməti dövründə Fransa ilə əməkdaşlıq nəticəsində 42 min qeyri-qanuni keçidin qarşısı alınıb.