BAKI. 8 iyun. TELEQRAF

UEFA Millətlər Liqasında 3-cü yer uğrunda oyun keçirilib.

Teleqraf xəbər verir ki, Ştutqart şəhərindəki "MHP Arena"da Almaniya və Fransa yığmaları üz-üzə gəlib.

Görüş Fransanın qələbəsi ilə yekunlaşıb - 2:0. 45-ci dəqiqədə Kilian Mbappe hesabı açıb. 84-cü dəqiqədə isə Mbappenin ötürməsindən sonra Maykl Olise son nöqtəni qoyub.

53-cü dəqiqədə Almaniya da qol vurub. Lakin slovakiyalı baş hakim İvan Krujlyak VAR-a müraciət etdikdən sonra həmin epizodda qayda pozuntusu qeydə alaraq, qolu hesaba almayıb.

Bununla da Fransa yığması Millətlər Liqasını 3-cü pillədə başa vurub. Almaniya millisi isə öz evində keçirdiyi "dördlər finalı"ndakı həm yarımfinal, həm də üçüncü yer uğrunda görüşlərdən məğlub ayrılıb.

Qeyd edək ki, bu gün saat 23:00-da başlanacaq final matçında Portuqaliya və İspaniya yığmaları üz-üzə gələcək. Oyun Münhen şəhərindəki "Allianz Arena"da keçiriləcək.