BAKI, 19 dekabr. TELEQRAF

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının I turunun təxirə salınmış "Sabah" - "Qarabağ" (2:1) oyununda baş verənlərlə bağlı qərar qəbul edib.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən matçda Ağdam təmsilçisi azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə 7000 manat məbləğində cərimələnib.

"Köhlən atlar" həmçinin azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına və stadiona zərər vurulduğuna görə 3000 manat ziyana düşüb. "Qarabağ" stadiona dəyən ziyanı da qarşılamalı olacaq.

Komitə son Azərbaycan çempionunu oyuna təyin edilmiş vaxtdan gec gəldiyinə görə xəbərdarlıq da edib.

Eyni matçda "Sabah" klubu isə meydançaya kənar şəxs daxil olduğu üçün 2500 manat cərimələnib.

Qeyd edək ki, AFFA İntizam Komitəsi "Qarabağ"ı bir müddət öncə də cərimələmişdi.