BAKI, 19 dekabr. TELEQRAF
“AFFA olaraq hər şeyi etməyə hazırıq. Sadəcə, Kamal Quliyev gəlməli, problemini deməlidir. Bizim rəhbərlik də qərar verib onu müalicə olunması üçün müvafiq yerə yönləndirməlidir”.
Bu sözləri Teleqraf-a açıqlamasında AFFA-nın Futbol Veteranları İttifaqının sədr müavini Rüstəm Rəhimov veteran futbolçu Kamal Quliyevin səhhətində yaranan problemlə bağlı danışarkən deyib.
Qurum rəsmisi qaraciyərində problem olan veteran futbolçu ilə əlaqə saxladıqlarını bildirib:
“Həftənin birinci günü onunla əlaqə saxlamışıq. Dedim ki, həkimdən aldığın bütün sənədləri götür, gəl bura. O gələn, bu gələn, hələ ki, yoxdur. Onu AFFA-ya dəvət etdik ki, sənədləri ilə birlikdə gəlsin, burada məsələni müzakirə edək. Amma ondan hələ də bir xəbər yoxdur. Onun üçün canımız yanır, axı Azərbaycan futbolu üçün oynayıb. Hər gün bu məsələni gündəmdə saxlayırıq. Mən bunu rəhbərliyə də bildirmişəm. Daha əvvəl Vadim Vasilyevin də müalicəsini etmişik. Sadəcə, Kamal Quliyevin özü gəlməlidir”.
Qeyd edək ki, Kamal Quliyev bir neçə gün öncə səhhətində yarana problemlə əlaqədar AFFA və "Neftçi" rəhbərliyinə müraciət etmişdi.