BAKI, 19 dekabr. TELEQRAF

“Bəlkə də orta sahədə daha sıx oynamalıyıq. İnanıram ki, baş məşqçimiz Qurban Qurbanovun köməyi ilə bunun qarşısını alacağıq və mərkəzdə daha kompakt, daha sıx oynayacağıq ki, rəqibə boşluq verməyək. Ümid edirəm ki, mövsümün sonunda xal baxımından birinci yerdə qərarlaşmaqla “Sabah”dan irəlidə olacağıq”.

Bu sözləri Teleqraf-a açıqlamasında “Qarabağ”ın legioner futbolçusu Leandro Andrade deyib.

26 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının I turunun təxirə salınmış “Sabah”la matçında qol vurmasına baxmayaraq, komandasının 1:2 hesablı məğlubiyyətindən danışıb. Andrade turnir cədvəlində liderliyi tezliklə geri qaytarmaq üçün malsimum səy göstərəcəklərini qeyd edib:

“Bizim üçün rəqibin güclü olması yaxşıdır. Bu, bizə də kömək edir. Hər həftəsonu bu səviyyədə oynasaq, keyfiyyətimiz daha da artacaq. Ona görə də bu, bizim üçün müsbətdir. Təkcə “Sabah” deyil, digər komandalar da güclənsə, yaxşı olar. Ümid edirəm ki, mövsümün sonunda ilk pillədə biz olacağıq. Şübhəsiz ki, ilk yer əsas hədəfimizdir. Motivasiyamız qış fasiləsinə birinci yerdə yollanmaqdır. Buna görə də əlimizdən gələni edəcəyik”.