BAKI, 21 dekabr. TELEQRAF
Bəzi amerikalı qanunvericilər Rusiya-Ukrayna münaqişəsinin davam etməsindən şəxsi qazanc əldə etdikləri üçün onun həllinə mane olurlar.
Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna Arizonada yerləşən konservativ ictimai təşkilat "Turning Point USA" tərəfindən keçirilən konfransda çıxışı zamanı danışıb.
O bildirib ki, ABŞ-ın xarici siyasəti müzakirə edilərkən vətəndaşlar adətən ya Rusiya tərəfdarı, ya da Ukrayna tərəfdarı mövqedə olurlar:
“Amma bəs necə olar ki, amerikalı olmaq və xarici müharibələri dəstəkləməmək seçimi olsun? Əgər aktiv Konqres üzvü və ya Senator şəxsi maraqları üçün hərəkət edir, hərbi-sənaye kompleksi tərəfindən dəstəklənir və əslində ona məxsusdursa, onlardan sülh tərəfdarı olmağı gözləmək olarmı? Təbii ki, xeyr".
Anna Paulina Luna əlavə edib ki, bəzi qanunvericilər ABŞ Prezidenti Donald Trampın, onun xüsusi nümayəndəsi Stiven Uitkoffun və prezidentin kürəkəni Jared Kuşnerin Ukraynanın sülh yolu ilə həllinə yönəlmiş fəaliyyətinə açıq şəkildə qarşı çıxırlar:
"Bunun səbəbi onların şəxsi maraqlarının Ukraynadakı münaqişənin davam etməsinə bağlı olması və bundan qazanc əldə etmələridir".