BAKI, 20 dekabr. TELEQRAF

İordaniya ABŞ-nin Suriyada İŞİD-ə qarşı son əməliyyatlarında iştirak etdiyini açıqlayıb.

Teleqraf "Associated Press"ə istinadən xəbər verir ki, İordaniya Müdafiə Nazirliyi bu ay üç Amerika vətəndaşının öldürülməsinə cavab olaraq ABŞ-nin İŞİD-ə qarşı hücumlarına dəstək verdiklərini təsdiqləyib.

"Əməliyyatın məqsədi ekstremist qrupların bütün regionun təhlükəsizliyini təhdid etmək üçün Suriyadan qala kimi istifadəsinin qarşısını almaqdır" - açıqlamada qeyd olunur.

İordaniya İŞİD-ə qarşı 90 ölkənin qoşulduğu qlobal koalisiyanın üzvüdür.

Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, Suriyada İŞİD-ə qarşı aparılan son əməliyyatlarda azı beş nəfər öldürülüb.

ABŞ Mərkəzi Komandanlığı bildirib ki, İordaniya hava qüvvələrinin dəstəyi ilə Suriyanın mərkəzi hissəsində 70-dən çox hədəf vurulub.