BAKI, 21 dekabr. TELEQRAF

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ-nin Mayami şəhərinə səfəri zamanı Ukraynadakı nizamlanma ilə bağlı aparılan danışıqların mövcud vəziyyətini Amerika, Avropa və Ukrayna nümayəndələri ilə müzakirə etdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Nazirin sözlərinə görə, Qəzza ilə bağlı keçirilən görüşlər Ukrayna mövzusu üzrə danışıqlarla davam etdirilib. Sülh danışıqları kontekstində son inkişaflar müzakirə olunub və tərəflərin mövqeləri öyrənilib.

Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu yaxınlarda Türkmənistana səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə apardığı uzunmüddətli danışıqlara da toxunub. O bildirib ki, bu təmaslar müzakirə edilən məsələlərlə bağlı Rusiya tərəfinin mövqeyini birbaşa öyrənməyə imkan verib.