BAKI, 21 dekabr. TELEQRAF
20.12.2025-ci il tarixində saat 20:50 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (2 kişi, 4 qadın) Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Teleqraf xəbər verir ki, bu barədə TƏBİB məlumat verib.
Bildirilib ki, yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları, sınıqları və əzilmiş yaraları, mədə-bağırsaq sisteminin daxili qanaxması diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən 6 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Qeyd edək ki, hadisə nəticəsində 1961-ci il təvəllüdlü (kişi) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.
***
Bu gün saat 19 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində “Mercedes Vito” markalı mikroavtobusun sürücüsü Mahama Dibirovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi ağaca çırpılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Teleqraf-a verilən məlumata görə, nəticədə avtomobildə olan sərnişin, 64 yaşlı Balakən rayonunun Qazma kənd sakini Şadnus Hümbətov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Avtomobildə olan Balakən rayon sakinləri 1960-cı il təvəllüdlü Natalya Tahirova, 1961-ci il təvəllüdlü Cəmilə Əhmədova, 2007-ci il təvəllüdlü Qurban Mirzəyev,1972-ci il təvəllüdlü Azad Puçaxov, 1960-cı il təvəllüdlü Xədicəmaral Xəlilova, 1958-ci il təvəllüdlü Cənnətey Qumbarova isə xəsarət alıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.