BAKI, 29 may. TELEQRAF
"Bizi maraqlı, cəlbedici oyun gözləyir. İlk dəfə finalda mübarizə aparacağıq. Kubokun finalında heç-heçə olmur. Ya məğlub olmalı, ya da qalib gəlməlisən".
Teleqraf xəbər verir ki, bunu “Sabah” komandasının baş məşqçisi Vasili Berezutski “Qarabağ”a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final matçından öncə mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis Seymur Məmmədovdan başqa bütün futbolçuların formada olduqlarını bildirib: "20 futbolçu oyuna hazırlaşır. Amin Seydiyev uzun müddətdən sonra qayıdıb, oynamayacaq, amma iştirak ərazisində olacaq. Coy-Lens Mikels də iştirak ərizəsində olacaq. Oyunun gedişində ehtiyac yaranarsa, digər oyunçulardan istifadə edəcəyik. Oyunun əhəmiyyətin anlayırdıq və 1 aya yaxlndır hazırlaşırdıq”.
Berezutski Ruslan Rotanın komandaya baş məşqçi təyin olunacağı barədə xəbərlərə belə reaksiya verib: "Bunlar bizə heç cür təsir etmir. Bütün rəhbərlik, komanda və futbolçular matça köklənmişik. Bu cür hallar barədə oyundan sonra danışmaq olar. Şəxsən mən bundan məlumatsızam. Bu barədə danışmağa çox erkən başlayırıq. Məncə, təyin olunduğumdan bir həftə sonra istefa verməli idim. Gəlin, finalı gözləyək".
Baş məşqçi gələcəkdə nələrin baş verəcəyindən danışmağın erkən olduğunu söyləyib: "Hazırda oyuna 2 günümüz var, bunu düşünürük. Gələcəkdə nə olacağınını bilmirik".
O, hələ futbolçu olduğu vaxt da finallarda oynadığını xatırladıb: "Futbolçu və baş məşqçi kimi çalışmışam ki, qələbə üçün əlimdən gələni edim. Bu, elə bir gündür ki, döyüşməli və qalib ayrılmalısan. Təyinatımdan sonra "Qarabağ"a uduzmamağımızı üstünlük də, çatışmazlıq da hesab etmək olar. Amma “Qarabağ” da bu oyunda motivasiyalı çıxış edəcək. Şanslar 50:50-dir. “Qarabağ” favorit sayılır. Amma gün açılmadan yıxılmaq lazım deyil”.
Berezutski "Sabah"a gələnədək birgə çalışdığı Leonid Slutski ilə finalda qalibiyyətin yolları barədə söhbət etmədiyini söyləyib: "Ümumi məqamlar var ki, rəqibə qalib gəlməyin yollarını aramızda müzakirə edirik. Amma fərdi söhbət etdiyimiz elə bir şey yoxdur".
Qeyd edək ki, “Qarabağ” - “Sabah” matçı mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.