BAKI, 21 dekabr. TELEQRAF

Livanın cənubundakı Yater yaşayış məntəqəsi üzərində İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) tərəfindən endirilən zərbə nəticəsində şiə “Hizbullah” təşkilatının iki üzvü həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə "Janoubia" xəbər portalı məlumat yayıb.

Məlumata görə, həlak olanlardan biri avtomobili, digəri isə motosikleti idarə edərkən PUA tərəfindən raket zərbəsinə məruz qalıb.

İsrail ordusunun nümayəndəsi Avixay Edri "X" sosial şəbəkəsində ərəbcə yaydığı bəyanatda bildirib ki, hava hücumunun əsas məqsədi “Hizbullah”ın “Radvən” adlı diversiya-xüsusi təyinatlı bölməsinin üzvlərinin zərərsizləşdirilməsi olub.

Livanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ilin əvvəlindən bu günədək İsrail tərəfindən ölkə ərazisinə 5 mindən çox hücum həyata keçirilib. Nəticədə 376 nəfər ölüb, 987 nəfər isə yaralanıb.