BAKI, 21 dekabr. TELEQRAF
Abşeron rayonunun Xırdalan şəhərində yaşayış binasında köməksiz vəziyyətdə qalan üç nəfər FHN əməkdaşları tərəfindən xilas olunub.
Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə Xırdalan şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən yaşayış binasında vətəndaşların bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bununla əlaqədar dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 1940-cı il təvəllüdlü G. Əliyeva, 1979-cu il təvəllüdlü C. Həsənova və 2013-cü il təvəllüdlü İ. Mehdiyevin uzun müddət telefon zənglərinə və çağırışlara cavab vermədiyi, həyati təhlükəli vəziyyətin yarandığı ehtimalı müəyyən edilib. Xilasedicilər tərəfindən dördmərtəbəli binanın üçüncü mərtəbəsində yerləşən mənzilin qapısı xüsusi vasitələrlə açılıb. İlkin ehtimala görə dəm qazından huşsuz vəziyyətdə aşkar edilən şəxslərə yerində ilkin tibbi yardım göstərilib və onlar dərhal xəstəxanaya çatdırılıblar.