BAKI. 21 may. TELEQRAF

Aprelin 22-də U-15 Liqasının oyunu zamanı "Metak"ın azyaşlı futbolçularını vuran "Şamaxı"nın adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçisi Vüqar Süleymanovla bağlı məsələyə Apellyasiya Arbitraj Tribunalının qərarına əsasən yenidən baxılıb.

Teleqraf-ın məlumatına görə, məsələ ilə əlaqədar qərar qəbul olunub.

Qərarda bir daha bildirilir ki, 22 aprel 2025-ci ildə AFFA U-15 Liqasında keçirilən oyunda "Şamaxı"da adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçi Vüqar Süleymanov meydana daxil olaraq "Metak" komandasının bir neçə azyaşlı futbolçusunu yumruqla vurub. Buna görə də AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaq Vüqar Süleymanov 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilib.

Əvvəlki qərarda klubun müstəsna hal olaraq 500 manat cərimə edilməsi və növbəti ev oyunu azarkeşsiz keçirməsi də əksini tapmışdı. Lakin bu dəfə İntizam Komitəsi bu cəzaları götürüb.

Qeyd edək ki, Apellyasiya Arbitraj Tribunalı "Şamaxı" klubunun məşqçisi Vüqar Süleymanovun U-15 Liqasının oyunu zamanı Qusarın "Metak" komandasının uşaq futbolçularını döyməsi faktı ilə əlaqədar AFFA İntizam Komitəsinin qərarından şikayətə baxıb və klubun apellyasiya şikayətini qismən təmin edib.

Tribunalın qərarına əsasən, Vüqar Süleymanovun 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilməsi, müstəsna hal olaraq 500 manat cərimə edilməsi, Şamaxı komandasının növbəti ev oyunu azarkeşsiz keçirilməsi barəsində AFFA İntizam Komitəsinin 23.04.2025-ci il tarixli qərarları ləğv edilib. İntizam Komitəsinin tətbiq etdiyi AFFA İntizam Məcəlləsinin müvafiq maddələrinə uyğun işin halları nəzərə alınaraq düzgün hüquqi qiymət verilməsi üçün iş yenidən baxılmasından ötrü İntizam Komitəsinə qaytarılıb.
Apellyasiya şikayəti qalan hissədə təmin edilməyib.