BAKI, 30 mart. TELEQRAF

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII tura bu gün yekun vurulacaq.

Teleqraf xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk matçda elitada qalmaq uğrunda mübarizə aparan “Kəpəz”lə “Səbail” qarşılaşacaq. Ev oyunlarını Tovuzda keçirən Gəncə komandası qələbə qazanarsa, Premyer Liqada yerini qorumağa xeyli yaxınlaşacaq.

Son üç matçda meydan sahibi olan komanda “quru” hesabla qalib gəlib. “Kəpəz” evdəki son iki qarşılaşmada qol vurub.

“Kəpəz” 23 xalla 9-cu, “Səbail” 18 xalla sonuncu yerdədir.

Turun son oyununda “Zirə” öz meydanında “Şamaxı”nı sınağa çəkəcək. Meydan sahiblərinin əyalət klubu ilə matçda qələbə şansları daha yüksəkdir.

“Zirə” son iki oyunda 2 qol vurub və qələbə qazanıb. “Şamaxı” son 2 səfərdə uduzmayıb.

“Zirə” 52 xalla 2-ci, “Şamaxı” 28 xalla 8-ci yerdədir.

Yada salaq ki, turun açılış oyununda “Qarabağ” səfərdə “Turan Tovuz”a böyük hesabla (4:1) qalib gəlib.

İkinci oyun günündə “Neftçi” – “Araz-Naxçıvan” (1:1) və “Sumqayıt” – “Sabah” (3:3) matçlarında tərəflər 1 xala qane olublar.

30 mart (bazar)

16:00 “Kəpəz” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Tovuz şəhər stadionu

18:00 “Zirə”– “Şamaxı”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Elşad Abdullayev, Kamranbəy Rəhimov

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Zirə İdman Kompleksinin stadionu