
BAKI, 1 aprel. TELEQRAF
Bugünədək ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə 60 549 ailə mənzil sahibi olub.
Teleqraf Fonda istinadən xəbər verir ki, bu barədə qurumun “2024-2026-cı illər üzrə Kommunikasiya strategiyası”na uyğun olaraq, daşınmaz əmlak ekspertləri və müstəqil iqtisadçılarla keçirilmiş görüşdə məlumat verilib.
Qeyd edilib ki, o cümlədən, 53 785 ipoteka krediti verilib və 6 764 vətəndaşla satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlanılıb.
Fondun yaşayış maliyyəsi alətləri vasitəsilə mənzil şəraitini yaxşılaşdırmış ailələrin 70 faizə yaxını gənclərdir.
2024-cü ilin sonuna olan məlumata görə, ümumilikdə ölkə üzrə verilmiş ipoteka kreditlərinin həcmi - 4,7 milyard manat təşkil edib ki, onun da 3,3 milyard manatı və ya 81,4 faizi dövlət xətti ilə verilmiş kreditlərin payına düşüb. Bu günə olan məlumata görə, Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin həcmi 3,4 milyard manatı keçib.