
BAKI, 1 aprel. TELEQRAF
"Martın 31-də Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Ermənistana səfəri zamanı ölkəmizə qarşı bir sıra qəbul edilməz açıqlamaları və təxribatçı paylaşımı ilə yadda qaldı. Ştaynmayerin Ermənistanın Azərbaycanla sülh prosesindəki “son dərəcə konstruktiv” yanaşma sərgiləməsini qeyd etməsi başa düşülən deyil. Çünki Ermənistan heç zaman öz xoşuna “konstruktivlik” nümayiş elətdirməyib. Dəmir yumruq və şanlı Azərbaycan Ordusu olmasaydı, Ermənistan heç vaxt bugünkü sülh şərtlərini qəbul etməyəcəkdi".
Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı, ATƏT PA-nın komitə sədri, Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azay Quliyev deyib.
Onun fikrincə, Almaniyanın prezidentinə xatırlatmaq lazımdır ki, təriflədiyi Paşinyanın 2019-cu ilin avqustunda qanunsuz olaraq Xankəndiyə gəlib “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını və 2022-ci ildə Praqada Azərbaycanın ərazi bütövlüyünü və suverenliyin tanıyıram deyəndən sonra 2023-cü ilin sentyabrın 2-də qondarma Qarabağ rejiminin müstəqillyi ilə bağlı təbrik məktubunu unutmasın: “Eyni zamanda Ştaynmayer İrəvanda bildirdi ki, Ermənistanın sülh sazişini mümkün edən qərarlar qəbul etməsindən sonra sülh sazişinin imzalanmasına, ratifikasiya və icrasına heç bir mane qalmayıb və buna görə Azərbaycandakı bütün mümkün skeptisizmlər aradan qaldırılmalıdır. Əslində Almaniya prezidenti Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının hələ də qalması, ATƏT-in Minsk Qrupunun rəsmən ləğv edilməməsi sülh sazişinin imzalanması yolunda ən böyük və ciddi maneə olduğunu yəqin ki, bilməmiş deyil. Onun konstruktiv adlandırdığı Paşinyan rejimi Azərbaycanın bu haqlı tələblərini yerinə yetirməsə, heç bir siyasi və hüquqi əhəmiyyəti olmayan sülh sazişinin imzalanması da mümkün deyil”.
ATƏT təmsilçisinə görə, Almaniya prezidentinin rəsmi instaqram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “bayrağını” paylaşmaqla ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı etdiyi təxribata heç bir ad vermək olmur: “Bu, Almaniya adına çox böyük bir biabırçılıqdır. İkrah və qəzəb doğuran, ikitərəfli münasibətləri ciddi şəkildə zədələyən bu cür ucuz şoular qəti şəkildə pislənir və rədd edilir. Məlum hadisəyə görə, Almaniyanın Bakıdakı səfiri də XİN-ə çağırılaraq bu paylaşıma görə ona Azərbaycanın kəskin etirazi bildirilib. Sözsüz ki, bundan sonra Almaniya tərəfinin bunun bir texniki xəta olduğunu bildirməsini, buna görə rəsmən üzr istəməsini və paylaşımın silinməsini müsbət qiymətlandiririk, lakin bu xətaya yol verənlərlə bagli müvafiq tədbirlərin görülmasini də vacib hesab edirik. Çünki alman rəsmiləri martın 30-da Almaniyanın dövlət büdcəsindən maliyyələşən “Döyçe Velle” (Deutsche Welle) televiziya kanalında Qarabağla bağlı erməni yalanlarını təkrarlayan, seperatizmi, azərbaycanlılara qarşı etnik nifrəti körükləyən və gerçək faktları həyasızcasına təhrif edən filmin nümayiş etdirilməsinə də izahat verməlidirlər. Azərbaycana qarşı işğalı, terroru, etnik təmizləmə və soyqırımı cinayətlərini təbliğ edən və dəstəkləyən Tiqran Yevegyan, Clara Muradyan, Qaydaz Minasyan kimi dırnaqrası jurnalistləri və tarxiçləri, habelə ATƏT-in bədnam Minsk Qrupunun keçmiş fransalı həmsədri Jak Forey kimi Azərbaycanafob “ekspert”ləri birtərəfli qaydada danışdırmaqla onlar nəyə olmaq istəyiblər?”
Deputatın fikrində, Almaniya tərəfindən bu iki təxribatın ardıcıl şəkildə baş verməsi nə təsadüfdür, nə də texniki xətadır: “Bunun əksini sübut etmək üçün Almaniya tərəfi həm Prezident Ştaynmayerin paylaşımına görə ictimaiyyət qarşısında Azərbaycandan üzr istədiyi halda ikinci addımı da atmalıdır. “Mətbuat müstəqildir” bəhanəsilə "Deutsche Welle"də yayımlanan filmi gözardı etməyərək Azərbaycana qarşı aparılan bu cür dezinformsiya kampaniyası qəti şəkildə pislənməlidir. Belə bir addımın atılması ikitərəfli münasibətlərin zərər görməməsi üçün çox vacibdir və biz alman rəsmilərindən məhz bunu gözləyirik”.