BAKI, 1 aprel. TELEQRAF

Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır.

Teleqraf xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Konstitusiya Məhkəməsi haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70-dən 75-ə qaldırılması təklif olunur. Həmçinin, Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edəcək.

Mövcud qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70 yaşdır. Konstitusiya Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək vəzifələrini icra etməyə davam edir.

Qanun layihəsi səs qoyularaq üçüncü oxunuşda qəbul olunub.