
BAKI, 1 aprel. TELEQRAF
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmindən faydalanan fermerlərə ümumilikdə 721 min manat ödəniş edilib.
Aqrar Sığorta Fondunun Teleqraf-a verdiyi məlumata görə, 2024-cü ildə meyvə bağlarında baş verən müxtəlif hadisələr nəticəsində dəyən zərərlər üzrə bağını sığorta etmiş fermerlərə ümumilikdə 721 min manat ödəniş edilib. Bu, əvvəlki ilin göstəricisinə nisbətən 18 dəfə çoxdur. Xatırladaq ki, 2023-cü ildə meyvə bağları üzrə ümumilikdə 39 min manat sığorta ödənişi edilmişdi.
Sığorta ödənişinə səbəb olan əsas hadisələr isə fırtına-qasırğa, dolu, şaxtavurma halları olub. Belə ki, 2024-cü ildə meyvə bağlarına edilmiş sığorta ödənişlərindən 130 min manatı şaxtavurma hadisəsi üzrə həyata keçirilib. Meyvə bağları üzrə aqrar sığorta ödənişləri ölkənin bütün iqtisadi regionlarında həyata keçirilib. Ən çox sığorta ödənişləri üzüm, gilas, alma, badam, ərik, alça, armud, şaftalı, qoz, limon, naringi, nektarin, xurma və sair məhsullar üzrə həyata keçirilib.
Qeyd edək ki, 2024-cü ildə aqrar sığorta mexanizmindən istifadə edən fermer və təsərrüfatlara müxtəlif hadisələr üzrə ümumilikdə 6,4 milyon manat sığorta ödənişi edilib. Bu, 2023-cü illə müqayisədə 2 milyon manat artıqdır.