
BAKI, 31 mart. TELEQRAF
Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Polşa və Fransa Ukraynadakı münaqişə ilə əlaqədar Rusiyaya qarşı yeni məhdudiyyətlər tətbiq etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə altı ölkənin xarici işlər nazirlərinin və Aİ diplomatiyasının rəhbəri Kaja Kallasın Madriddə keçirilən görüşünün yekunlarına dair birgə bəyanatında deyilir.
Pireney krallığının Xarici İşlər Nazirliyi tərəfindən yayılan sənəddə Rusiya Ukraynadakı vəziyyətin həllinə "ciddi öhdəlik nümayiş etdirməyə" çağırılır. Bəyanatda deyilir: “Biz həmçinin yeni sanksiyaların qəbulu da daxil olmaqla, bütün mövcud vasitələrdən istifadə etməklə Rusiyaya daha böyük təzyiq göstərməyə hazırıq”.
İclas iştirakçıları münaqişə bitənə qədər Rusiya aktivlərinin blokadada qalmasının və Ukraynaya vurulduğu iddia edilən zərərin ödənilməsinin tərəfdarı olduğunu bildiriblər. Bundan əlavə, görüş iştirakçıları “gələcəkdə yeni öhdəliklər” vəd edərək Kiyevə yardım göstərməyə hazır olduqlarını təsdiqləyiblər.