TBİLİSİ. 31 mart. TELEQRAF

Tbilisidəki Cümə məscidinin əsas xüsusiyyətlərindən biri burada sünni və şiələrin bir yerdə ibadət etməsidir. Sünnilər bu dini ibadət məkanına 1950-ci ilin əvvəlindən üz tutmağa başlayıblar. Belə ki, həmin ildə Tbilisidə vaxtilə mövcud olmuş Şah Abbas məscidi (digər adı Göy məscid) yaxınlığındakı yaşayış evləri və karvansaralarla birgə uçurulub.

Cümə məscidi sünnilər üçün yalnız ibadət yerinə deyil, həm də Şah Abbas məscidindən yadigar qalan əşyaların qorunub saxlanıldığı məkana çevrilib. Dini abidənin dağıdılması zamanı möminlər tikilidən bir neçə əşyanı xilas edərək Cümə məscidinə təhvil veriblər. Həmin əşyalar minbər, divar saatı, Quran kitabı və qızıl rəngli ayparadır.

Teleqraf-ın yerli bürosunun əməkdaşı Cümə məscidini ziyarəti zamanı Şah Abbas məscidindən günümüzə qədər qorunub saxlanılan qədim əşyalarla ətraflı maraqlanıb.

Məscidin tarixi və sökülmə səbəbləri

Öncə məscidin qısa tarixçəsi və dağıdılması səbəblərinə nəzər salaq. Dini abidə Kür çayının sahilində yerləşib və inşa ili 1522-ci ilə aid olub. Tarixi mənbələrə əsasən, məscid həmin ildə Şah İsmayıl Xətainin qoşunlarının hücumu zamanı dağıdılmış kiçik kilsənin yerində tikilib. 1606-cı ildə Şah Abbasın hücumu zamanı isə məscid genişləndirilib və minarə ucaldılıb.

1950-ci ilin oktyabrında məscid yaxınlığında yeni Metexi körpüsünün inşasına başlanılıb. Həmin vaxta qədər Kür üzərində taxta körpü mövcud olub. Şah Abbas məscidinin tikintiyə mane olduğu səbəb göstərilərək uçurulmasına qərar verilib. Məscidin SSRİ-nin dövlət və siyasi xadimi Lavrenti Beriyanın şəxsi göstərişi ilə uçurulduğu bildirilir. Buna səbəb kimi göstərilib ki, Tbilisinin əksər hissəsini azərbaycanlılar təşkil edən müsəlman əhalisi kommunizm quruculuğuna elə bir şövqlə cəlb olunub ki, artıq məscidə ehtiyacı yoxdur. Bəzi mənbələrə əsasən, məscidin sökülməsinin məqsədi “şaxsey-vaxsey” mərasimlərinə son qoyulmasından ibarət olub. Deyilənlərə görə, həmin dövrdə bu mərasimlərdə bir neçə nəfərin ölüm faktı qeydə alınıb.

Körpünün tikintisi 6 ay 17 gün ərzində yekunlaşdırılıb. Açılışı 1951-ci ilin aprelin 29-da baş tutub. Bu barədə məlumatlar həmin dövrdə Tbilisidə nəşr olunan qəzetlərdə yer alıb. Qəzet səhifələrində “Yeni Metexi körpüsü” başlıqlı məqalələrdə körpü “Tbilisi sakinləri üçün çox yaxşı 1 May hədiyyəsi” adlandırılıb.

Həmin vaxtdan 2022-ci ilədək körpüdə bərpa işləri aparılmayıb. Tbilisi meriyası 2022-ci ildə körpünü əsaslı şəkildə təmir-bərpa etdirib.

Tbilisidəki körpülər arasında ən qısa olan Metexi körpüsü şəhərin əsas vizit kartlarından biridir. Metexi məbədinin və şəhərin əsasını qoyan çar Vaxtanq Qorqasalinin heykəlinin ucaldığı qayanın ətəyində yerləşən körpünün uzunluğu cəmi 43 metr təşkil edir. Körpü şəhərin köhnə Ortaçala və Avlabar rayonlarını, Qorqasali və Avropa meydanlarını birləşdirir.

Taxta minbərin bərpaya ehtiyacı var

Şah Abbas məscidindən xilas edilmiş taxtadan olan minbər Cümə məscidinin ibadət zalında sağ küncdə yerləşir. Minbər çox köhnəlib, bəzi yerlərində, naxışlarında qopmalar görünür. Kürsünün bərpaya ehtiyacı var, lakin məlum olur ki, bunun üçün Gürcüstanda mütəxəssis tapılmır.

Məscidin axundu Seyyid Vüqar Fətiyev Teleqraf-ın yerli bürosuna bildirib ki, minbərin bərpası üçün usta axtarışında olublar:

“Bizə taxta işləri üzrə bir gürcü usta tövsiyə etdilər. Lakin onunla birgə minbərə baxış keçirəndən sonra məlum oldu ki, o, adi dülgərdir. Tarixi əşyanın bərpası peşəkar bərpaçıya həvalə olunmalıdır. Amma təəssüflər olsun ki, Gürcüstanda minbəri bərpa edə biləcək mütəxəssis tapılmır”.

Axundun sözlərinə görə, kürsünün təmizliyinə nəzarət olunur və hətta xadiməyə tapşırılıb ki, üzərindəki tozu nəm parça ilə almasın.

Qədim divar saatını işlək vəziyyətdə görən olmayıb

Şah Abbas məscidinin digər yadigar əşyası kəfkirli divar saatıdır. İşlək vəziyyətdə olmayan qədim əşya məscidin girişindəki otaqda divardan asılıb. Axundun sözlərinə görə, saatı işlək halda görən olmayıb.

Qədim saatın görünüşü yaxşı vəziyyətdə olsa da, vaxtı göstərmir. Onu işlək hala gətirmək üçün də peşəkar usta tapılmır. Axundun fikrincə, artıq bu cür antik əşyanı təmir edə biləcək usta bəlkə də qalmayıb:

“Bir neçə il öncə Sankt Peterburqdan ər-arvad məscidi ziyarət etmişdi. Kişi məscidə daxil olan kimi divar saatı diqqətini cəlb etdi və xeyli vaxt ona baxdı. Mənə dedi ki, o, bu cür qədim saatların təmiri üzrə ustadır. O, Sankt Peterburqda bu saata bənzəyən saat təmir etdiyini bildirdi. Saatı düzəldə biləcəyini və bunun üçün onu özü ilə aparmalı olduğunu dedi. Biz buna icazə verə bilməzdik. Təəssüf ki, yerində saatı təmir edə bilmədi”.

Sirli Quran kitabı

Cümə məscidinin qadınlar üçün ibadət yerində şüşə vitrində qədim Quran kitabının nüsxəsi qorunub saxlanılır. Sank Peterburqda nəşr olunduğu deyilən dini kitabın da Şah Abbas məscidindən qaldığı bildirilir. Müqəddəs kitab bu vaxta qədər tədqiq edilmədiyindən nəşr ili və aid olduğu xəttatlıq məktəbi müəyyən olunmayıb.

Quranın yer aldığı şüşə vitrin vaxtilə Cümə məscidinin əsas ibadət zalında idi. Şah Abbas məscidinin digər yadigarı olan minbərin yaxınlığında, sol küncdə yerləşirdi.

Bir neçə ildir ki, şüşə vitrinin yeri dəyişdirilib, yuxarı mərtəbəyə daşınıb. Gözdən uzaq yerdə qoyulan vitrində Quran kitabının nüsxəsinin qopmuş vərəqləri görünür. Müqəddəs kitabın təmiz yerdə saxlanılması vacibdir. Amma təəssüflər olsun ki, vitrinin üzəri tozlu və ləkəlidir, altında və yaxınlığında məscidin təmizlənməsində istifadə olunan iki tozsoran qoyulub. Vitrinin fotolarını çəkmək üçün kiçik tozsoranı kənarlaşdırmaq lazım oldu, böyük tozsoranı isə ağırlığından yerindən tərpətmək mümkün olmadı.

Son yadigar əşya isə qızılı rəngli ayparadır. Vaxtilə Şah Abbas məscidinə aid aypara Cümə məscidinin minarəsinin gümbəzini bəzəyir.

Azərbaycanın dəstəyi lazımdır

Şah Abbas məscidindən yadigar qalan minbər və divar saatı Cümə məscidinin inventarı kimi qeydə alınıb. Divar saatını bərpa edə biləcək saatsaz Gürcüstanda yaxşı axtarılsa, tapıla bilər. Amma minbəri bərpa edə biləcək usta çətin tapılsın. Belə bir bərpaçı usta Azərbaycandan dəvət oluna bilər. Ölkəmizdə dini məbədlər və digər mədəni irs nümunələrimizin bərpası istiqamətində yerli və xarici peşəkar mütəxəssislərin cəlb olunması ilə ardıcıl tədbirlər görülür.

Qeyd etmək yerinə düşər ki, Şah Abbas məscidindən qalmış minbər forması ilə bu yaxınlarda Şuşada əsaslı bərpadan sonra açılan Çöl Qala məscidinin minbərinə bənzəyir. Məsciddə bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Şah Abbas məscidinin yadigarı olan minbərin bərpası xahişi ilə Bütün Gürcüstan Müsəlmanları İdarəsi fonda müraciət ünvanlaya bilər.

Tbilisidəki Cümə məscidində saxlanılan İslam irsinə aid qiymətli nümunə olan minbər mütləq bərpa edilməlidir, əks halda vaxtilə mənsub olduğu Şah Abbas məscidi kimi tarixə qovuşa bilər.