
BAKI, 31 mart. TELEQRAF
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında son 10 gündə 3 körpənin ölümünün detalları məlum olub.
Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, xəstəxananın nəzdində olan Perinatal Mərkəzə 23.03.2025-ci il tarixində saat 01:20 radələrində 2005-ci il təvəllüdlü 38-39 həftəlik hamilə hospitalizasiya olunub.
Məlumata görə, zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 000 qr. ölü döl xaric olunub.
TƏBİB-dən bildirib ki, bundan başqa 1988-ci il təvəllüdlü 28-29 həftəlik hamilə 24.03.2025-ci il tarixində saat 01:50 radələrində uşaqlıqda 2 dəfə çapıq, ağır dərəcəli preeklampsiya diaqnozu ilə hospitalizasiya olunub. Qeysəriyyə kəsiyi əməliyyatı ilə 820 qr. çəkidə olan körpə dünyaya gəlib, vəziyyəti ağır olan ekstremal azçəkili dölün aparılan reanimasiya tədbirlərinə baxmayaraq, ölüm faktı qeydə alınıb.
"Həmçinin, 39-40 həftəlik hamilə olan 2006-cı il təvəllüdlü şəxs isə hospitalizasiya olunub. Doğuşun birinci dövrü, baş gəlişi, rezus faktor mənfi, ölü döl diaqnozları təyin olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 000 qr. ölü döl xaric olunub", - qurumun cavabında vurğulanıb.
Qeyd edilib ki, hər üç zahının müalicələri tibb müəsisəsinin müvafiq şöbələrində davam etdirilib, hazırda vəziyyətləri stabildir.