BAKI, 31 mart. TELEQRAF

"1918-ci il martın 31-də Azərbaycanın Bakı, Şamaxı, Quba, Zəngəzur, Qarabağ və Naxçıvan şəhərlərində on minlərlə azərbaycanlılar qətlə yetirilib. Daşnak, Ramqavar, Hıncak kimi erməni terror təşkilatları rusların dəstəyi ilə Azərbaycan xalqını, o cümlədən cavan-yaşlı, qadın və uşaqları qətlə yetirib, tarixin ən böyük soyqırımını törədib. Onların əsas məqsədi Bakını işğal edib zəngin neft yataqlarını ələ keçirməklə yanaşı, Türkiyə türklərindən aldıqları məğlubiyyətin qisasını azərbaycanlı qardaşlarımızdan almaq idi".

Bu sözləri Teleqraf-a açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Səlçuk Karakılıç azərbaycanlıların soyqırımı haqqında danışarkən deyib.

"Türkiyə olaraq hər zaman azərbaycanlı qardaşlarımızın yanındayıq. Bu gün Ermənistan dövlətinin dövlət və rəsmi nümayəndələri, ziyalıları humanist, demokrat və sülh elçisi kimi qələmə verməyə çalışan Avropa mediası, Avropanın sülh carçıları, ermənilərin tarixdə və bu gün törətdikləri vəhşiliyi və qanunsuz əməllərini “torpaq və mədəniyyət oğrusu" olmaqlarını ört-basdır etməyə, gizlətməyə çalışırlar. 107 il əvvəl dünyanın ən mədəni, humanist xalqı olan azərbaycanlı qardaşlarımızı vəhşicəsinə qətlə yetirən ermənilər 1915-ci ilə qədər isə Türkiyə türklərini vəhşicəsinə məhv etməyə çalışıblar.

Ulu öndər Heydər Əliyevin müstəsna siyasi iradəsi və diplomatiyası sayəsində sənədlər yenidən açıldı və 1918-ci il martın 31-də Azərbaycan türklərinə qarşı şüurlu etnik soyqırımının törədildiyi üzə çıxdı. Dahi komandir Ənvər Paşanın qardaşı Nuru Paşanın və əmisi Xəlil Paşa və Mürsəl Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də Bakını və azərbaycanlıları erməni quldur dəstələrindən xilas etdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1998-ci ilin martında fərman imzaladı və 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edildi", - deyə bildirib.

S.Karakılıç qeyd edib ki, bu gün Azərbaycan dövləti və xalq soyqırımı qurbanlarının xatirəsini yad edir, dünya ictimai rəyini bu dəhşətli hadisəni tanımağa çağırır: "Bu dəhşətli hadisələrə görə həyatını dəyişən bütün şəhidlərimizi ehtiramla yad edir, azərbaycanlı qardaşlarımıza dərin hüznlə başsağlığı verirəm!

Böyük Azərbaycan regionun ən mühüm dövlətlərindən birinə çevrilir. Azərbaycan dövləti indi bütün gücü ilə keçmişdə törədilmiş qəddarlıqlara, torpaq və mədəni oğurluqlara görə onları məsuliyyətə cəlb edir. Qərbin və BMT-nin mövcud olmayan ədalət və əminliyindən asılı olmayaraq, Azərbaycan dövləti öz xalqına arxalanaraq tarixini və gələcəyini formalaşdırmağa başladı. Bu siyasətin əsas memarı Azərbaycan dövlətinin dünya səviyyəli diplomatı, cənab prezident İlham Əliyevdir. Qarabağ Azərbaycandır və azərbaycanlılara məxsusdur".