
BAKI, 26 mart. TELEQRAF
“Əsasən özümüz-özümüzə problem yaratdıq. Buraxılan qolları da nəzərə alsaq, təcrübə çatışmazlığından belə alındığınız deyə bilərəm”.
Bu sözləri Teleqraf-a açıqlamasında Azərbaycan milli komandasının və “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə deyib.
28 yaşlı müdafiəçi yığmanın Belarusla yoldaşlıq görüşündə 0:2 hesabı ilə məğlub olmasını bəxtsizliklə əlaqələndirib: “Deyəcək çox söz yoxdur. İlk dəfə milli komandada oynayan və ya ikinci dəfə meydana çıxan uşaqların hamısı çox çalışdı. Bunu əminliklə deyə bilərəm. Hər kəs əllərindən gələninin maksinumunu etməyə çalışdı. Təəssüf ki, belə alındı”.
Meydana kapitan kimi çıxan Mustafazadə millinin 8 oyundur qələbə qazana bilməməsinə səbəb tapmaqda çətinlik çəkdiyini vurğulayıb: "Çox çalışmalıyıq. Ümumiyyətlə, meydanda olanların hamısı maksimum çalışdı ki, bu oyun geridönüş edək. Təəssüf ki, alınmadı. Deyə biləcək başqa şey yoxdur”.
Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Haitiyə qarşı yoldaşlıq görüşündə də məğlub olub - 0:3.