BAKI, 29 sentyabr. TELEQRAF

Çin Sədri Si Cinpin ölkədə dövlət və ictimai təhlükəsizliyə nəzarətin gücləndirilməsinə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə Çinin "Sinxua" agentliyi məlumat yayıb.

Si Cinpin bildirib ki, milli təhlükəsizlik sisteminin gücləndirilməsi, ictimai təhlükəsizliyin idarə olunmasının təkmilləşdirilməsi və mövcud risklərin aradan qaldırılması ölkənin uzunmüddətli sabit inkişafını təmin edəcək.

Çin liderinin sözlərinə görə, əsas məqsəd ölkədə təhlükəsizliyi artırmaq, ictimai asayişi möhkəmləndirmək, dövlət idarəçiliyinin səmərəliliyini yüksəltmək və əhalinin məmnunluğunu təmin etməkdir.

O qeyd edib ki, Çin Kommunist Partiyasının 2012-ci ildə keçirilən XVIII qurultayından sonra ölkə sabitliyin təmin edilməsi istiqamətində mühüm nəticələr əldə edib. Si Cinpin Çinin dünyanın ən təhlükəsiz ölkələrindən birinə çevrildiyini bildirib.

Çin Sədri qarşıdakı mərhələdə milli təhlükəsizlik konsepsiyasının ardıcıl həyata keçirilməsinin, qanunun aliliyinin möhkəmləndirilməsinin və müasir texnologiyaların imkanlarından istifadənin vacibliyini vurğulayıb.

Si Cinpinin tapşırıqları ilə əlaqədar sentyabrın 28-də Pekində təhlükəsizlik məsələlərinə həsr olunmuş müşavirə keçirilib.

İclasda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Çen Vençin və ölkənin ictimai təhlükəsizlik naziri Van Syaohun iştirak ediblər.