BAKI, 28 sentyabr. TELEQRAF

2026-cı il dünya çempionatındakı çıxışı ilə məşhurlaşan Kabo-Verde millisinin 40 yaşlı qapıçısı Vozinya diqqətçəkən açıqlama verib.

Teleqraf xəbər verir ki, “The Observer” nəşrinə danışan qapıçı şöhrətdən sonra şəxsi həyatının dəyişdiyini bildirib.

“Artıq şəxsi həyatım yoxdur, ən azı əvvəlkindən xeyli azdır. Restorana gedəndə kimsə mənimlə şəkil çəkdirmək və ya avtoqraf almaq istəyir. Daha pisi isə, məni videoya çəkənlərin olmasıdır. İnsanların çoxu məşhur olmaq istəyir, amma bunun yalnız müsbət tərəflərini görür. Seçim imkanım olsaydı, indiki həyatımdansa əvvəlki həyatımı seçərdim”, - deyə Vozinya bildirib.

O, ötən yay Çilinin “Kolo-Kolo” klubuna keçməsinin səbəbini də açıqlayıb. Qapıçı ABŞ-dan təklif almadığını, Səudiyyə Ərəbistanından isə bəzi əlaqələrin olduğunu, lakin konkret təklif gəlmədiyini söyləyib.