BAKI, 29 sentyabr. TELEQRAF
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Dwight D. Eisenhower” atom aviadaşıyıcısına eniş zamanı baş verən insident nəticəsində iki pilot katapult edib, gəminin daha dörd ekipaj üzvü isə xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə sentyabrın 28-də yerli vaxtla saat 18:18-də Virciniya ştatının sahilləri yaxınlığında baş verib.
Aviadaşıyıcının üçüncü aviasiya qanadına məxsus təyyarənin iki pilotu eniş zamanı katapult edib. Onlar axtarış-xilasetmə xidməti tərəfindən dərhal xilas edilərək gəmiyə çatdırılıblar və hazırda tibbi müayinədən keçirilirlər.
Hadisə nəticəsində gəminin daha dörd ekipaj üzvü xəsarət alıb. Onlardan biri xəstəxanaya yerləşdirilib. Hərbçinin həyatı üçün təhlükə olmadığı bildirilir.
İnsident təyyarənin aviadaşıyıcının göyərtəsinə eniş edərkən xüsusi əyləc trosuna ilişməli olduğu anda baş verib.
Xatırladaq ki, 2016-cı ildə də həmin aviadaşıyıcıda oxşar hadisə qeydə alınıb. E-2C “Hawkeye” təyyarəsinin enişi zamanı əyləc trosunun qırılması nəticəsində səkkiz hərbçi xəsarət alıb.