BAKI, 29 sentyabr. TELEQRAF
Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino təşkilata üzv olan milli futbol assosiasiyalarına əlavə maliyyə vəsaitinin ayrılması imkanlarının qiymətləndirilməsi barədə göstəriş verib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi FİFA prezidentinin məktubuna istinadən məlumat yayıb.
Məlumata görə, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (KONKAKAF) FİFA-ya üzv olan 211 milli assosiasiyanın hər birinə ən azı 10 milyon dollar ayrılmasını tələb edir.
Əlavə maliyyələşdirmə ilə bağlı təkliflər oktyabrın 15-də FİFA Şurasının iclasında müzakirəyə çıxarılacaq.
İnfantino altı qitə konfederasiyasının prezidentinə ünvanladığı məktubda bildirib ki, əlavə vəsaitin ayrılması yalnız maliyyə yoxlamasından və müvafiq rəsmi təsdiqdən sonra mümkün olacaq.
FİFA prezidenti vurğulayıb ki, qiymətləndirmə başa çatmadan və zəruri razılıqlar alınmadan açıqlanan heç bir məbləğ milli assosiasiyalar qarşısında təsdiqlənmiş maliyyə öhdəliyi hesab edilə bilməz.
Xatırladaq ki, İnfantinonun FİFA-nın əsas turnirlərinin kommersiya hüquqlarına xarici investorların cəlb edilməsini nəzərdə tutan “FIFA Forward Enterprise” layihəsi kəskin etirazlardan sonra geri götürülüb. Layihə vasitəsilə təxminən 4,2 milyard dollar investisiya cəlb edilməsi planlaşdırılırdı.