BAKI, 29 sentyabr. TELEQRAF
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) “Boeing” şirkətinin “Starliner” kosmik gəmisinin 2028-ci ilədək növbəti ekipajlı uçuşunu həyata keçirməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bunu NASA-nın rəhbəri Cared Ayzekman Floridada keçirilən mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, 2027-ci ildə “Starliner”in Beynəlxalq Kosmik Stansiyaya (BKS) ekipajsız sınaq uçuşunun həyata keçirilməsi nəzərdə tutulur. Sınaq uğurla başa çatdıqdan sonra astronavtların iştirakı ilə növbəti missiya reallaşdırılacaq.
“Hazırkı planımız 2028-ci ilədək astronavtları ‘Starliner-2’ ilə kosmosa qaytarmaqdır”, - Ayzekman bildirib.
Qeyd edək ki, “Starliner”in ilk ekipajlı uçuşu 2024-cü il iyunun 5-də baş tutub. Astronavtlar Barri Yucin Uilmor və Sunita Uilyams həmin gəmi ilə BKS-ə göndəriliblər. Lakin stansiyaya yaxınlaşma zamanı bir neçə manevr mühərrikində yaranan nasazlıq onların Yerə qayıdışını gecikdirib.
Nəticədə “Starliner” 2024-cü il sentyabrın 7-də ekipajsız Yerə qayıdıb. Astronavtlar isə 2025-ci il martın 19-da “SpaceX” şirkətinin “Crew Dragon” kosmik gəmisi ilə Yerə dönüblər.