BAKI, 29 sentyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud ABŞ dövlət katibi Marko Rubio ilə Vaşinqtonda görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə Yəməndəki vəziyyət, eləcə də Hörmüz və Bab əl-Məndəb boğazlarında gəmiçiliyin təhlükəsizliyi müzakirə olunub.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda tərəflərin, xüsusilə Hörmüz və Bab əl-Məndəb boğazlarında beynəlxalq dəniz marşrutları üzrə naviqasiyanın təhlükəsizliyinin və gəmiçilik azadlığının təmin edilməsinin vacibliyini vurğuladığı bildirilib.
Feysəl bin Fərhan və Marko Rubio, həmçinin Ər-Riyad-Vaşinqton münasibətlərinin hazırkı vəziyyətini və onların möhkəmləndirilməsi yollarını nəzərdən keçiriblər.
Görüşdə regional və beynəlxalq gündəmdəki son hadisələrə, xüsusilə Yəməndəki münaqişəyə və onun həlli istiqamətində səylərə diqqət yetirilib.
Yəməndə 2014-cü ilin avqustundan “Ənsar Allah” (Husilər) hərəkatı ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında silahlı qarşıdurma davam edir.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin məlumatına görə, iyul ayında Husilər krallığa qarşı dəniz blokadası elan edib və daha sonra Səudiyyə Ərəbistanına məxsus bir neçə neft tankerinə hücum ediblər. Avqustun əvvəlində isə hərəkat Yəmənin cənub-qərbində hücuma keçib.
Sentyabrın 10-11-də Husilər Əl-Moxa liman şəhərinə və Bab əl-Məndəb boğazına çıxışı olan ərazilərə nəzarəti ələ keçirib.