BAKI, 29 sentyabr. TELEQRAF
Argentina hökuməti Böyük Britaniyadan mübahisəli Malvin (Folklend) adaları yaxınlığında neft hasilatı layihəsinin dayandırılmasını tələb edib. Londonun iki həftə ərzində bu tələbi yerinə yetirməyəcəyi təqdirdə Beynəlxalq Dəniz Hüququ Tribunalına müraciət olunacağı bildirilib.
Teleqraf xəbər verir ki, bu barədə Argentina Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Rəsmi Buenos-Ayres Böyük Britaniyadan Argentinanın kontinental şelfində karbohidrogen ehtiyatlarının hasilatına yönəlmiş fəaliyyətin qarşısını almaq üçün 14 gün ərzində zəruri tədbirlər görməyi tələb edib.
Bildirilib ki, tələb yerinə yetirilməzsə, Argentina özünün kontinental şelf üzərində suveren hüquqlarını qorumaq məqsədilə Beynəlxalq Dəniz Hüququ Tribunalından müvəqqəti tədbirlərin tətbiqini istəyəcək.
Argentina Prezidenti Xavyer Miley Xarici İşlər Nazirliyinə və hökumətin hüquq qruplarına BMT-nin Dəniz Hüququ Konvensiyasına uyğun arbitraj proseduruna başlamağı tapşırıb. Məqsəd Britaniyanın “Rockhopper Exploration” və İsrailin “Navitas Petroleum” şirkətlərinin həyata keçirdiyi “Sea Lion” neft layihəsinin qarşısını almaqdır.
Xatırladaq ki, sentyabrın əvvəlində Argentina hökuməti layihədə iştirak edən şirkətlərə qarşı sanksiyaların sərtləşdirilməsi təşəbbüsü ilə çıxış edib. Argentina Xarici İşlər Nazirliyi sentyabrın 15-də yaydığı açıqlamada 60 inzibati prosedura başlanıldığını bildirib.
Qeyd edək ki, Malvin (Folklend) adaları təxminən iki əsrdir Argentina ilə Böyük Britaniya arasında ərazi mübahisəsinin predmetidir. 1982-ci ildə tərəflər arasında baş verən müharibə Britaniyanın qələbəsi ilə nəticələnsə də, Argentina adalar üzərində suverenlik iddiasını davam etdirir.